Göydəniz Qəhrəmanov: “Şuşa Qlobal Media Forumu qlobal çağırışların müzakirə olunduğu nüfuzlu beynəlxalq platformaya çevrilib”

“IV Şuşa Qlobal Media Forumu bir daha təsdiqlədi ki, XXI əsrdə informasiya amili beynəlxalq münasibətlər sisteminin əsas hərəkətverici qüvvələrindən birinə çevrilib. Müharibələr, siyasi və iqtisadi proseslər və hətta humanitar məsələlər belə informasiya mühitindən kənarda təsəvvür edilmir. Bu reallıq fonunda Azərbaycanın təşəbbüsü ilə artıq ənənə halını almış Şuşa Qlobal Media Forumu təkcə peşəkar media nümayəndələrinin görüş yeri deyil, həm də qlobal çağırışların müzakirə olunduğu nüfuzlu beynəlxalq platforma kimi öz mövqeyini möhkəmləndirir.
Forumun açılışında Prezident İlham Əliyevin çıxışı bir sıra mühüm siyasi və informasiya xarakterli mesajlarla yadda qaldı. Dövlət başçısı media nümayəndələrinin suallarını açıq şəkildə cavablandırmaqla yanaşı, beynəlxalq gündəmdə yer alan aktual proseslərə münasibət bildirdi, medianın cəmiyyət qarşısındakı məsuliyyətinə, həqiqətin qorunmasının vacibliyinə və informasiya manipulyasiyalarının yaratdığı təhlükələrə diqqət çəkdi. Bu yanaşma göstərir ki, Azərbaycan qlobal informasiya məkanında qarşılıqlı etimada, açıq dialoqa və obyektiv yanaşmaya əsaslanan əməkdaşlıq modelini dəstəkləyən ölkələr sırasındadır.”
Millət vəkili Göydəniz Qəhrəmanov bu fikirləri mətbuata açıqlamasında səsləndirib. Deputat bildirib ki, Prezident İlham Əliyevin çıxışında diqqəti cəlb edən əsas məqamlardan biri Azərbaycanın beynəlxalq məsələlərə münasibətdə ardıcıl və prinsipial siyasət yürütməsi barədə olub:“Dövlətimizin başçısı regional təhlükəsizlik, sülh gündəliyi, beynəlxalq əməkdaşlıq və informasiya mühitində obyektivliyin təmin olunması kimi məsələlərin vacibliyini diqqətə çəkdi. Bu, Azərbaycanın xarici siyasətində siyasi, iqtisadi, humanitar və informasiya diplomatiyasının bir-birini tamamlayan istiqamətlər kimi inkişaf etdirildiyini bir daha nümayiş etdirdi. Şuşanın belə mötəbər beynəlxalq tədbirlərə ardıcıl ev sahibliyi etməsi də xüsusi diqqətə layiqdir. Vaxtilə işğalın ağır nəticələrinə məruz qalmış şəhərin bu gün dünyanın aparıcı media qurumlarını, tanınmış jurnalistlərini və ekspertlərini qəbul etməsi Azərbaycanın əldə etdiyi tarixi uğurların, həyata keçirdiyi genişmiqyaslı bərpa proqramlarının və bölgədə yaratdığı yeni reallıqların ən parlaq göstəricilərindən biridir. Şuşa artıq yalnız mədəniyyət paytaxtı deyil, həm də beynəlxalq fikir mübadiləsinin və intellektual dialoqun mühüm mərkəzlərindən birinə çevrilib. Qlobal Media Forumunun mühüm xüsusiyyətlərindən biri müxtəlif baxışların eyni platformada müzakirəsinə şərait yaratmasıdır.
Bu, beynəlxalq media nümayəndələrinin regiondakı prosesləri birbaşa müşahidə etməsinə, Azərbaycan həqiqətlərini ilkin mənbədən öyrənməsinə və obyektiv informasiya mühitinin formalaşmasına mühüm töhfə verir.
Məhz bu baxımdan Forum klassik media tədbiri çərçivəsini aşaraq ictimai diplomatiyanın və beynəlxalq etimadın gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyan platformaya çevrilib. IV Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər göstərir ki, Azərbaycan qlobal informasiya gündəliyinin formalaşmasında daha fəal iştirak edən, beynəlxalq dialoqu təşviq edən və məsuliyyətli media mühitinin inkişafına töhfə verən dövlət kimi çıxış edir. Şuşadan dünyaya ünvanlanan bu mesajın əsas mahiyyəti isə belə ifadə oluna bilər ki,həqiqətə söykənən informasiya, açıq dialoq və qarşılıqlı etimad beynəlxalq əməkdaşlığın ən möhkəm təməlidir” – deyə, Göydəniz Qəhrəmanov fikirlərini tamamlayıb.
