Yayda kütləvi zəhərlənmələrin səbəbi nədir? – Mütəxəssis RƏYİ

Yayda kütləvi zəhərlənmələrin səbəbi nədir? – Mütəxəssis RƏYİ
Kateqoriya məlum deyil
T

Son günlər ölkədə ard-arda baş verən qida zəhərlənmələri yenidən bu problemin aktuallığını gündəmə gətirib. Xüsusilə yay aylarında müşahidə olunan zəhərlənmə halları ölümlə də nəticələnə bilir. Bu baxımdan vətəndaşlarda qida təhlükəsizliyi ilə bağlı bəzi suallar yaranıb.

Maraqlıdır, yayda kütləvi zəhərlənmələrin əsas səbəbi nələrdir? Xüsusilə hansı qidalarda zəhərlənmə riski daha çoxdur?

Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Sfera.az-a açıqlama verib.

O, isti havada daha tez xarab olan və zəhərlənmə riskini artıran qidaların adlarını açıqlayıb:

“Bəzi qidalar var ki, onlar yüksək risk qrupuna aiddir və xüsusilə yüksək temperaturda daha tez xarab olmağa meyllidir. Buna görə də yay mövsümündə bu qidalar daha tez xarab olduğundan, onları mütləq şəkildə soyuq zəncir prinsipinə uyğun olaraq saxlamaq lazımdır. Bunlar əsasən süd və süd məhsulları, xüsusilə qatıq, pendir, qaymaq, eləcə də ət və ət məhsullarıdır. Bundan başqa, dəniz məhsulları, balıq məhsulları, yumurtadan hazırlanan məhsullar, kremli şirniyyatlar, ev üsulu ilə hazırlanmış qarışıq salatlar, həmçinin kəsilmiş və doğranmış meyvələr də tez xarab olmağa meyllidir. Ona görə də bu məhsulları həm evdə, həm də satış yerlərindən alarkən təzə olmasına və 2-4 dərəcə temperaturda saxlanılmasına diqqət yetirilməlidir. Əgər bu qidalar düzgün şəkildə mühafizə olunmayacaqsa, onların evdə də az miqdarda alınması tövsiyə olunur. Bişirilmiş məhsullar isə otaq temperaturunda 2 saatdan artıq saxlanılmalı deyil, mütləq soyuducuya yerləşdirilməlidir. Hər bir məhsul da öz xüsusiyyətinə uyğun qablaşdırmada saxlanmalıdır”.

Mütəxəssis məhsulların hazırlanarkən və saxlanılarkən sanitar-gigiyena qaydalarına əməl olunmasının da ən vacib şərtlərdən biri olduğunu qeyd edib:

“Yay mövsümündə müxtəlif meyvələrin yetişmə dövrü olduğuna görə bəzən onlar yuyulmadan və ya kifayət qədər yaxşı yuyulmadan istehlak edilir ki, bu da bir çox hallarda sağlamlıq problemlərinə səbəb ola bilər. Buna görə bu məqama da xüsusi diqqət yetirilməlidir. Təbii ki, dövlət qurumu olaraq Qida Təhlükəsizliyi Agentliyi də mütəmadi şəkildə nəzarət tədbirlərini gücləndirməlidir. Satış yerlərində qanunsuz satışın, mənşəyi məlum olmayan məhsulların dövriyyəsinin qarşısı alınmalıdır. Xüsusilə məhsulların daşınması, saxlanılması və satışı zamanı soyuq zənciripi əsas götürülməlidir. Bundan başqa, əhalinin mütəmadi maarifləndirilməsi də həyata keçirilməlidir. Bu istiqamətdə müxtəlif qeyri-hökumət təşkilatları tərəfindən layihələr icra olunsa da, onların müddəti qısa və birdəfəlik olduğundan, aidiyyəti dövlət qurumu tərəfindən bu işin davamlı şəkildə aparılması daha səmərəli olar. Eyni zamanda, bəzən zərərli və keyfiyyətsiz qidaların reklamı daha geniş yayıldığı halda, qida təhlükəsizliyi ilə bağlı vacib məlumatlar insanlara kifayət qədər çatdırılmır və ya əlçatan olmur. Bu məlumatlar müxtəlif vasitələrlə ictimaiyyətə mütəmadi şəkildə çatdırılmalıdır. Supermarketlərdə və digər satış obyektlərində soyuducuların düzgün işləməsinə, məhsulların istehsal tarixinə və son istifadə müddətinə ciddi nəzarət olunmalıdır. Açıq şəkildə satılan, mənşəyi məlum olmayan və keyfiyyətsiz məhsulların satışı məhdudlaşdırılmalıdır. Bütün bu prosesdə iştirak edən işçi heyətin şəxsi gigiyenası da böyük əhəmiyyət daşıyır. Personalın mütəmadi təlimatlandırılması və maarifləndirilməsi vacib məsələlərdəndir. Bir çox hallarda mətbəxlərdə çiy və hazır məhsullar eyni yerdə saxlanılır, eyni doğrama lövhələrində hazırlanır ki, bu da çarpaz çirklənməyə səbəb olur. Buna görə həm supermarketlərdə, həm də ictimai iaşə obyektlərində işçi heyətin davamlı şəkildə maarifləndirilməsi və təlimatlandırılması ilə yanaşı, mütəmadi nəzarət tədbirlərinin həyata keçirilməsi də vacibdir”.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ