Giləmeyvələrin yuyulması: Su kifayət edirmi, yoxsa sirkə məcburidir?

Giləmeyvələrin yuyulması: Su kifayət edirmi, yoxsa sirkə məcburidir?
Kateqoriya məlum deyil
T

Yay mövsümündə çiyələk, moruq, böyürtkən və digər giləmeyvələr süfrələrin vazkeçilməzidir. Bu giləmeyvələrin yeyilməsindən əvvəl düzgün yuyulması ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Bəziləri yalnız axar suyun kifayət etdiyini desə də, digərləri sirkə və ya soda məhlulundan istifadə etməyi tövsiyə edir. Hətta sosial şəbəkələrdə giləmeyvələrin duzlu suda saxlanıldıqda içindən qurd və həşəratların çıxdığını göstərən videolar da geniş müzakirə olunur.

Bəs əslində giləmeyvələr necə yuyulmalıdır? Adi su kifayət edirmi, yoxsa əlavə üsullara ehtiyac var?

Məsələ ilə bağlı qida eksperti Fərid Səfərov Sfera.az-a açıqlama verib.

O bildirib ki, giləmeyvələr səthlərinin həssas və nahamar olması səbəbindən toz, torpaq qalıqları, mikroorqanizmlər və bəzi hallarda pestisid qalıqları daşıya bilər:

“Buna görə də istehlakdan əvvəl onların düzgün yuyulması vacibdir. Ümumiyyətlə, ev şəraitində giləmeyvələri axar içməli su altında ehtiyatla yumaq kifayət edir. Yuyarkən meyvələri zədələməməyə çalışmaq lazımdır. Ən yaxşısı onları yeməyə və ya istifadə etməyə yaxın zamanda yumaqdır. Çünki əvvəlcədən yuyulub saxlanılan giləmeyvələr daha tez yumşalır və kiflənə bilər. Sirkə və ya soda məhlulundan istifadə məcburi deyil. Bu üsullar bəzi çirk və qalıqların uzaqlaşdırılmasına kömək edə bilər, lakin onların pestisidləri tamamilə aradan qaldırdığı elmi cəhətdən sübut olunmayıb. Əgər belə məhlullardan istifadə edilirsə, meyvələr sonradan mütləq bol axar su ilə yenidən yuyulmalıdır”.

Mütəxəssis sosial şəbəkələrdə yayılan videolarda duzlu suda giləmeyvələrin içindən xırda sürfə və ya həşəratların çıxmasının tamamilə uydurma olmadığını açıqlayıb:

“Bəzi giləmeyvə növlərində meyvə milçəklərinin sürfələri ola bilər. Bu, əsasən sahədə yetişmə dövründə baş verir və daha çox orqanik və açıq sahədə becərilən məhsullarda rast gəlinə bilər. Duzlu su həmin sürfələrin meyvədən çıxmasına səbəb ola bilər. Lakin bu, bütün giləmeyvələrin belə olduğu anlamına gəlmir və geniş yayılmış hal hesab edilmir. İstehlakçılar meyvələri etibarlı satış məntəqələrindən almalı, kiflənmiş, əzilmiş və ya xarab olma əlamətləri olan giləmeyvələri istehlak etməməlidirlər. Düzgün yuyulmuş və uyğun şəraitdə saxlanılmış giləmeyvələr həm təhlükəsiz, həm də sağlam qidalanmanın dəyərli hissəsidir”.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ