Trampın bioloji tullantılarının niyə ABŞ-a aparıldığı məlum oldu

ABŞ Prezidenti Donald Trampın xarici səfərləri zamanı tətbiq olunan qeyri-adi təhlükəsizlik tədbirlərindən biri yenidən gündəmə gəlib.
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, Trampın səfərləri zamanı yaranan bioloji tullantılar sidik və nəcis nümunələri səfər etdiyi ölkədə saxlanılmır. Həmin tullantılar xüsusi təhlükəsizlik əməkdaşları tərəfindən toplanaraq ABŞ-a geri aparılır.
Məlumata görə, bu addımın məqsədi xarici kəşfiyyat orqanlarının ABŞ prezidentinin sağlamlıq vəziyyəti ilə bağlı məlumat əldə etməsinin qarşısını almaqdır. Mütəxəssislər bildirirlər ki, bioloji nümunələr vasitəsilə insanın sağlamlığı haqqında mühüm məlumatlar əldə etmək mümkündür. Belə ki, nəcis və sidik analizləri xərçəng əlamətləri, infeksiyalar, hormon səviyyələri və bağırsaq florası barədə məlumat verə bilər.
Qeyd olunur ki, bu praktika yalnız Donald Trampa aid deyil. Daha əvvəl ABŞ-ın sabiq prezidenti Corc Buşun da 2006-cı ildə Avstriyanın paytaxtı Vyanaya səfəri zamanı oxşar təhlükəsizlik tədbirlərindən istifadə etdiyi iddia olunub. Həmin dövrdə yayılan məlumatlarda Buşun istifadə etdiyi tualet kağızının belə ABŞ hərbi bazasına geri aparıldığı bildirilirib.
Beynəlxalq mediada yayılan xəbərlərə əsasən, Rusiya Prezidenti Vladimir Putinin xarici səfərləri zamanı da onun bioloji tullantılarının xüsusi əməkdaşlar tərəfindən Rusiyaya aparıldığı iddia edilir.
Ekspertlərin fikrincə, bəzi dövlətlər ölkə liderlərinin bioloji nümunələrini milli təhlükəsizlik məsələsi hesab edir və onların üçüncü tərəflərin əlinə keçməsinin qarşısını almaq üçün xüsusi prosedurlar tətbiq edirlər.
Mənsumə
