Özəl klinikalarda yoxlamalar necə aparılır? - Nazirlikdən AÇIQLAMA

Özəl klinikalarda yoxlamalar necə aparılır? - Nazirlikdən AÇIQLAMA
Kateqoriya məlum deyil
T

Özəl tibb müəssisələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyəti və Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin (AEM) nəzarət mexanizmi ilə bağlı mediada səslənən iddialara aydınlıq gətirilib.

Sfera.az xəbər verir ki, AEM-in Hüquq şöbəsinin müdiri Tamam Həsənova tibb müəssisələrində yoxlamaların gedişatı və qanun pozuntuları zamanı tətbiq olunan inzibati tədbirlər barədə danışıb.

Şöbə müdiri vurğulayıb ki, yoxlamalar zamanı aşkar olunan hər bir fakt rəsmiləşdirilir və yoxlayıcıların aktı ilə təsdiq olunur:

"Qanun pozuntusu olduğu təqdirdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti orqanlara – məhkəmələrə və ya digər qurumlara göndərilir. Cərimə tətbiqi yalnız həmin orqanların qərarından sonra reallaşır. Əgər qanun pozuntusu təkrarlanarsa, müəssisə yenidən cərimələnir və qanunsuz fəaliyyətin dayandırılması barədə bildiriş göndərilərək məsələ hüquq-mühafizə orqanlarına yönləndirilir".

T.Həsənova bildirib ki, insan həyatı və sağlamlığına zərər dəyməsi halı aşkarlanarsa, məsələ cinayət işi kimi prokurorluq orqanları tərəfindən araşdırılır.

Vətəndaşların şikayət hüquqlarına da toxunan şöbə müdiri qeyd edib ki, pasiyentlər narazılıqlarını AEM-in rəsmi veb-səhifəsi (https://pharma.az/), “Bir pəncərə” xidməti və ya (+994 12 596 05 20) nömrəli qaynar xətt vasitəsilə çatdıra bilərlər.

Bununla yanaşı, T.Həsənova kompensasiya məsələsinə də aydınlıq gətirib:

"Vətəndaşlar özəl tibb müəssisəsindəki xidmətdən narazı qaldıqda və kompensasiya tələb etdikdə mütləq qaydada məhkəməyə müraciət etməlidirlər. Dəymiş ziyanın həcmi məhkəmə tərəfindən təyin olunan ekspertiza ilə müəyyən edilir və kompensasiya ödənilməsi də məhkəmə qərarından asılıdır. Bu məsələ Analitik Ekspertiza Mərkəzinin səlahiyyətləri daxilində deyil".

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ