“Kızılcık Şerbeti”nin aktrisasının ölüm səbəbi məlum oldu

“Kızılcık Şerbeti”nin aktrisasının ölüm səbəbi məlum oldu
Kateqoriya məlum deyil
T

Türkiyəli aktrisa Ece İrtemin ölüm səbəbi ilə bağlı aparılan məhkəmə-tibbi ekspertizanın nəticələri açıqlanıb.

Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən ay İstanbulun Kadıköy rayonundakı evində ölü tapılan 35 yaşlı aktrisanın etil spirti (alkoqol) zəhərlənməsi nəticəsində həyatını itirdiyi müəyyən olunub.

Məhkəmə Tibbi Ekspertiza İnstitutunun hazırladığı hesabatda bildirilib ki, Ece İrtemin qanında 395 mq/dl səviyyəsində etil spirti aşkarlanıb. Mütəxəssislərin rəyinə əsasən, ölümün əsas səbəbi yüksək dozada spirt qəbulundan yaranan zəhərlənmə olub.

Aktrisanın vəfatından sonra hadisə ilə bağlı müxtəlif iddialar səsləndirilib. Əvvəlcə onun ürək tutması nəticəsində öldüyü irəli sürülüb, daha sonra isə Taylanda səfəri zamanı meymun tərəfindən dişləndiyi və bunun ölümə səbəb ola biləcəyi iddia edilib. Bu səbəbdən Ece İrtemin vəkili Uğur Gökkoyun prokurorluğa müraciət edərək həmin ehtimalın da araşdırılmasını xahiş edib. Lakin aparılan ekspertiza nəticəsində ölümün meymun dişləməsi ilə əlaqəli olmadığı alkoqol zəhərlənməsindən qaynaqlandığı təsdiqlənib.

Hadisə ilə bağlı aktrisanın anası Nuriyyə İrtem də ifadə verib. O bildirib ki, hadisədən əvvəl birlikdə ad günü məclisində iştirak ediblər. Evə qayıtdıqdan sonra qızının həm spirtli içki qəbul etdiyini, həm də antidepressant dərmanlardan istifadə etdiyini deyən ana, səhər onu oyatmağa çalışsa da cavab ala bilmədiyini bildirib. Onun sözlərinə görə, otağa daxil olarkən qızının hərəkətsiz vəziyyətdə olduğunu görüb və dərhal aidiyyəti qurumlara məlumat verilib.

Ekspertiza hesabatının açıqlanması ilə Ece İrtemin ölümü ilə bağlı uzun müddətdir müzakirə olunan iddialara da aydınlıq gətirilib.

Mənsumə

Sfera.az

PAYLAŞ