“Sultanın qarşısında əyildi, F-35-in qapısını açdı”

ABŞ Prezidenti Donald Trampla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Ankarada keçirilən görüş dünya mətbuatının diqqət mərkəzində olub. Xüsusilə Yunanıstan mətbuatı görüş zamanı səsləndirilən açıqlamaları sərt tənqid edib.
Sfera.az xəbər verir ki, Yunanıstanın tanınmış “Estia” qəzeti görüşü “Sultanın qarşısında əyildi və F-35-in qapısını açdı” başlığı ilə işıqlandırıb. Nəşr Trampın Türkiyənin uzun müddətdir yenidən qoşulmağa çalışdığı F-35 proqramı ilə bağlı müsbət mesajlar verməsini Ankaranın mühüm diplomatik uğuru kimi qiymətləndirib.

Görüş zamanı jurnalistlərin F-35 qırıcılarının Türkiyəyə satışı ilə bağlı sualını cavablandıran Donald Tramp “Niyə də yox?” ifadəsini işlədib. Prezident Ərdoğan isə bu məsələ ilə bağlı daha əvvəl müsbət təminatlar aldığını bildirib.
Tramp həmçinin Türkiyəyə müdafiə sənayesi ilə bağlı tətbiq olunan CAATSA sanksiyalarının ləğv ediləcəyini açıqlayıb. O, “Dostumu sanksiyalarla boğmaq istəmirəm. Artıq vaxtı çatıb, bu sanksiyaları qaldıracağıq”, - deyə vurğulayıb.
“Estia” yazır ki, bu yanaşma gözlənilməz deyil. Qəzet Trampın daha əvvəl Ərdoğan haqqında “Mən onu sevirəm, o da məni sevir”, “Çox yaxşı münasibətlərimiz var” və “Türkiyə güclü ölkədir, Ərdoğan isə güclü və ağıllı liderdir” kimi fikirlər səsləndirdiyini xatırladıb.

Nəşrin iddiasına görə, Trampın açıqlamaları Vaşinqtonun Türkiyəyə münasibətində dəyişiklik siqnalı kimi qiymətləndirilə bilər. Məqalədə qeyd olunur ki, Ankara ilə münasibətlərin daha da yaxşılaşması Yunanıstanda narahatlıq yaradır və bunun Şərqi Aralıq dənizində qüvvələr balansına təsir göstərə biləcəyi vurğulanır.
Yunanıstanın digər nəşri olan “Efimerida ton Syntakton” isə NATO Zirvə Toplantısını “Sultan NATO” başlığı ilə təqdim edib. Qəzet sammitin Ərdoğanın istəklərinə uyğun keçirildiyini iddia edərək, başlıqda “Sultan” və “NATO” sözlərini birləşdirən siyasi söz oyunundan istifadə edib.
Beləliklə, Trampın Türkiyə ilə bağlı açıqlamaları yalnız Ankarada deyil, region ölkələrinin mediasında da geniş müzakirələrə səbəb olub.
Mənsumə
