“iPhone Ultra” gözləyənlər üçün PİS XƏBƏR

“Apple”-ın sentyabr ayında təqdim edəcəyi gözlənilən ilk qatlana bilən smartfonu – “iPhone Ultra” ilə bağlı yeni məlumatlar yayılıb. Bildirilib ki, istehsal prosesində yaşanan çətinliklər səbəbindən cihaz ilkin mərhələdə məhdud sayda satışa çıxarılacaq.
Sfera.az xəbər verir ki, texnologiya analitiki Minq-Çi Kuonun paylaşdığı məlumata əsasən, “Apple”-ın ilk qatlana bilən modeli sentyabr ayında “iPhone 18 Pro” seriyası ilə birlikdə təqdim olunsa da əvvəlcədən sifariş və satış prosesi digər modellərlə müqayisədə daha gec başlayacaq.
Məlumata görə, istehsal və təchizat problemləri səbəbindən “iPhone Ultra” yalnız 2026-cı ilin dördüncü rübündə satışa çıxarıla bilər. Məhdud sayda istehsal ediləcəyi üçün cihazın satışa təqdim olunduqdan qısa müddət sonra tükənəcəyi gözlənilir.
Analitik qeyd edir ki, məhdud təchizat qara bazarın yaranmasına da səbəb ola bilər. Təxminən 2300–2500 ABŞ dolları qiymətində satışa çıxarılması gözlənilən modelin bəzi satıcılar tərəfindən rəsmi qiymətdən 50-100 faiz baha təklif ediləcəyi ehtimal olunur.
Minq-Çi Kuo “Apple”-ın 2026-cı ilin sonunadək 7-8 milyon qatlana bilən “iPhone” satacağını proqnozlaşdırır. Bununla yanaşı, bəzi mənbələr şirkətin istehsal hədəfini 10 milyon ədədə qədər artırdığını iddia edir.
Sızdırılan məlumatlara əsasən, “iPhone Ultra” 7,76 düymlük əsas və 5,49 düymlük xarici ekranla təchiz ediləcək. Smartfonun “Apple”-ın yeni A20 Pro prosessoru, 12 GB RAM və 5500 mAh tutumlu batareya ilə təqdim olunacağı bildirilir. Cihazın yüksək performans və uzunmüddətli istifadə təcrübəsi təqdim edəcəyi vurğulanır.
Qeyd edək ki, “Apple” hələlik qatlana bilən “iPhone Ultra” modeli ilə bağlı rəsmi açıqlama verməyib.
Mənsumə
