“Nokia” süni intellekt dəstəkli yeni düyməli telefonlarını təqdim etdi

“Nokia” süni intellekt dəstəkli yeni düyməli telefonlarını təqdim etdi
Kateqoriya məlum deyil
T

“HMD Global” “Nokia” brendi altında süni intellekt dəstəyi ilə təchiz olunan dörd yeni düyməli telefon modelini təqdim edib.

Sfera.az xəbər verir ki, şirkətin təqdim etdiyi “Nokia 200 4G”, “Nokia 210 4G”, “Nokia 215 4G” (2nd Edition) və “Nokia 235 4G” (2nd Edition) modelləri klassik düyməli telefon dizaynını müasir süni intellekt funksiyaları ilə birləşdirir.

Yeni modellərdə yerləşdirilən xüsusi süni intellekt düyməsi istifadəçilərə Sikey AI adlı köməkçiyə birbaşa çıxış imkanı yaradır. Bu köməkçi vasitəsilə səs əmrləri ilə fənəri yandırmaq, zəng etmək, kameranı idarə etmək, siqnal qurmaq, eləcə də gündəlik suallara cavab almaq mümkündür.

“HMD Global” bildirib ki, süni intellekt xidmətindən istifadə ilk 180 gün ərzində pulsuz olacaq. Sınaq müddəti başa çatdıqdan sonra isə bu xidmətdən yararlanmaq üçün ödənişli abunə tələb olunacaq.

Texniki göstəricilərə gəldikdə, bütün modellər S30+ əməliyyat sistemi ilə işləyir və 1450 mAh tutumlu batareya ilə təchiz edilib. Cihazlarda bulud xidməti dəstəyi də mövcuddur ki, bu da istifadəçilərə yaddaşı doldurmadan hava proqnozu, idman xəbərləri və video məzmunlara çıxış imkanı verir.

“Nokia 215 4G” və “Nokia 235 4G” (2nd Edition) modelləri 2,8 düymlük IPS ekranla, “Nokia 200 4G” və “Nokia 210 4G” isə 2,4 düymlük ekranla təklif olunur.

Seriyanın yüksək səviyyəli modellərində VGA təsvir ölçülü ön və arxa kameralar, digər iki modeldə isə 2 meqapiksellik arxa kamera quraşdırılıb.

Telefonlar metal çərçivəli klassik dizayna malikdir. Bundan başqa, cihazlarda USB-C portu, 3,5 mm qulaqlıq girişi, FM radio və Xpress Chat vasitəsilə videozəng dəstəyi də yer alıb.

“HMD Global” yeni telefonların satış tarixi və qiyməti ilə bağlı hələlik rəsmi məlumat açıqlamayıb.

Mənsumə

Sfera.az

PAYLAŞ