İş adamları “Bank Respublika”dan üz döndərir

İş adamları “Bank Respublika”dan üz döndərir
Kateqoriya məlum deyil
T

“Bank Respublika” 2026-cı ilin birinci yarısına aid olan hesabatını açıqlayıb.

Sfera.az xəbər verir ki, bankın balans məlumatları ilə tanış olanda məlum olur ki, ilk yarımildə iş adamları, hüquqi şəxslər “Bank Respublika”dan üz döndəriblər.

Bankın açıqladığı statistik məlumatlara əsasən, altı ay ərzində depozitlərin həcmində 257 milyon manat, yəni 19 faiz azalma baş verib. Bu qədər azalmanın əsas səbəbi hüquqi şəxslərin davranışı ilə bağlı olub.

Hüquqi şəxslər 2026-cı ilin yanvar-iyun ayları ərzində bankdan böyük məbləğdə depozitlərini geri çəkiblər. Vəsaitlərin geri çəkilməsi nəticəsində hüquqi şəxslərin depozitlərinin həcmi 256 milyon manat azalıb. Nəticədə, bankda hüquqi şəxslərə aid olan depozitlərin ümumi məbləği 753,4 milyon manatdan 497,4 milyon manata geriləyib. Bu, 34 faiz azalma deməkdir.

Bank hüquqi şəxslərin depozitlərinin həcminin niyə bu qədər azaldığına aydınlıq gətirməyib.

İlk 6 ayda fiziki şəxslərin də depozitlərinin həcmində artım baş verməyib. Əksinə yanvar-iyun dövründə əhaliyə məxsus əmanətlərin həcmi 1,4 milyon manat azalaraq 602,3 milyon manat olub.

Depozitlərin kəskin azalmasından sonra “Bank Respublika” böyük məbləğdə borc cəlb edib. Altı ay ərzində bank digər kredit təşkilatları və maliyyə institutları qarşısında öhdəliyini 236 milyon manat artıraraq 1,245 milyard manata çatdırıb.

Bankla hüquqi şəxslərin münasibətindəki dəyişiklik kredit qoyuluşunda da müşahidə edilib. “Bank Respublika” hüquqi şəxslərə verdiyi kreditlərin həcmini ilin birinci yarısında xeyli azaldıb.

2025-ci ilin sonunda biznes kreditləri üzrə banka olan borc 1,115 milyard manat təşkil etdiyi halda, bu ilin iyulun 1-də borc məbləği 777,5 milyon manata geriləyib. Bu dəyişiklik onu göstərir ki, bank ilk 6 ayda verdiyi biznes kreditlərinin həcmini xeyli azaldıb. Biznes kreditlərində azalma məbləği 338 milyon manat və ya 30 faizdən çox olub.

Bank biznes kreditlərini azaltsa da daha azriskli olan istehlak və daşınmaz əmlak kreditlərini artırıb. İstehlak kreditləri 26 milyon manat artaraq 395,2 miyon manat, daşınmaz əmlak kreditləri isə 6,1 milyon manat artaraq 175,5 milyon manat olub.

Risk amilini nəzərə alaraq bank bu il “digər kreditlər” bölməsi üzrə verdiyi kreditləri 353,4 milyon manata çatdırıb. Ötən ilin sonunda bankın əsas kredit kateqoriyalarına (istehlak, biznes, ipoteka və ya mikrokreditlər) aid olmayan krediti yox idi.

Yaranmış yeni vəziyyətdə “Bank Respublika”nın kiçilməsi də müşahidə edilib. “Bank Respublika”nın aktivlərinin həcmi birinci yarımildə azalaraq 2,716 milyard manata düşüb.

Vasif

Sfera.az

PAYLAŞ