İş axtaran 50 yaşdan yuxarı şəxslərə şad xəbər: məhdudiyyət aradan qalxır?

Azərbaycanda 50 yaşdan yuxarı şəxslərin iş tapması getdikcə çətinləşir. Bir çox iş elanında yaş məhdudiyyəti qoyulur, təcrübəli mütəxəssislər isə uzun illər çalışdıqları sahələrdə belə iş tapa bilmədiklərini deyirlər. Halbuki qanunvericilikdə yaşa görə ayrı-seçkiliyə yol verilməməsi nəzərdə tutulur.
Bəs 50 yaşdan yuxarı insanların əmək bazarından kənarda qalmasının əsas səbəbləri nələrdir? Dövlət bu kateqoriyadan olan insanların məşğulluğunu artırmaq üçün hansı addımları ata bilər?
Sfera.az xəbər verir ki, mövzu ilə bağlı “globalinfo.az”a danışan hüquq elmləri doktoru, iqtisadçı Vüsalə Əhmədova bildirib ki, işə qəbul zamanı namizədə yalnız yaşına görə məhdudiyyət qoyulmasını hər şeydən öncə hüquqi baxımdan dəyərləndirmək lazımdır:
“Bu hal birbaşa əmək qanunvericiliyinin bərabərlik prinsipinə ziddir. Əmək Məcəlləsi işçilərin əmək hüquqlarının həyata keçirilməsi zamanı ayrı-seçkiliyə yol verilməməsini əsas prinsiplərdən biri kimi müəyyən edib. Məcəlləyə əsasən, irqi, milli mənsubiyyətə, cinsə, dinə, siyasi baxışlara, ailə vəziyyətinə, sosial mənşəyə və digər hallarla yanaşı, işçinin peşə keyfiyyətləri ilə bağlı olmayan meyarlara görə əmək hüquqlarının məhdudlaşdırılması yolverilməzdir”.
İqtisadçının sözlərinə görə, işə qəbul zamanı əsas meyar namizədin peşə hazırlığı, ixtisası, təcrübəsi və konkret vəzifənin tələblərinə uyğun olması olmalıdır:
“Bu baxımdan, vakansiya elanlarında “35 yaşadək”, “40 yaşadək” və ya “50 yaşdan aşağı” kimi ifadələrlə yaş məhdudiyyətlərinin qoyulması bərabər rəftar prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Bundan əlavə, Azərbaycan Respublikasının Konstitusiyası hər kəsin hüquq və azadlıqlarının bərabərliyini təmin edir və qanunda nəzərdə tutulmayan əsaslarla ayrı-seçkilik tətbiq edilməsini qadağan edir. Əmək hüququ da məhz bu konstitusion prinsiplərə söykənir”.
V.Əhmədova deyib ki, bəzi vəzifələr üzrə qanunvericiliyin özü yaş həddi müəyyən edir:
“Məsələn, dövlət qulluğunun müəyyən növlərində, hərbi xidmət, hüquq-mühafizə orqanları və ya xüsusi fiziki hazırlıq tələb edən peşələrdə yaş məhdudiyyəti qanunla nəzərdə tutulur. Belə hallarda yaş həddi ayrı-seçkilik deyil, qanuni tələbin icrası hesab olunur. Lakin özəl sektorda, həmçinin qanunla belə məhdudiyyət nəzərdə tutulmayan vəzifələr üzrə yalnız namizədin yaşına görə işə qəbuldan imtina edilməsi hüquqa ziddir. Nəticə etibarilə, 50 yaşdan yuxarı şəxslərin yalnız yaşlarına görə əmək bazarından kənarda saxlanılması Konstitusiyada təsbit olunmuş bərabərlik prinsipinə və Əmək Məcəlləsində nəzərdə tutulan ayrı-seçkiliyin yolverilməzliyi prinsipinə ziddir”.
Vüsalə Əhmədova hesab edir ki, əgər yaş məhdudiyyəti qanunla birbaşa müəyyən edilməyibsə və işin mahiyyətindən irəli gəlmirsə, dövlət bununla bağlı ciddi tədbirlər görməlidir:
“Öncə, yaş məhdudiyyəti ilə bağlı qanunvericiliyin icrasına nəzarət gücləndirilə bilər. Qanunla nəzərdə tutulmayan hallarda vakansiyalarda yaş həddi göstərən işəgötürənlər üçün inzibati məsuliyyət və cərimələr tətbiq olunmalıdır.
İkincisi, işə qəbul zamanı ayrı-seçkilik faktlarının araşdırılması mexanizmi təkmilləşdirilməlidir. Vətəndaşların anonim qaydada şikayət verməsi, Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən operativ yoxlamaların aparılması və pozuntu aşkar edilərsə hüquqi tədbirlərin görülməsi təmin edilə bilər.
Namizəd yaşına görə ayrı-seçkiliyə məruz qaldığını əsaslandıran ilkin faktlar təqdim etdikdə, işəgötürən işə qəbuldan imtinanın yaşla deyil, namizədin peşə hazırlığı, ixtisası və digər obyektiv meyarlarla bağlı olduğunu sübut etməlidir.
Bu yanaşma bir sıra Avropa ölkələrinin anti-diskriminasiya qanunvericiliyində də tətbiq olunur. Konkret olaraq, yaşa görə ayrı-seçkiliyin aradan qaldırılması yalnız sosial siyasət məsələsi deyil, ən əsası hüququn aliliyinin təmin edilməsidir”.
