"Bentley" ilk elektrikli avtomobilini təqdim edəcək - FOTO

"Bentley" ilk elektrikli avtomobilini təqdim edəcək - FOTO
Kateqoriya məlum deyil
T

Britaniyanın məşhur avtomobil istehsalçısı "Bentley" tarixində ilk tam elektrikli avtomobilini təqdim etməyə hazırlaşır. Söhbət şirkətin yeni lüks "Torcal" krossoverindən gedir. Modelin rəsmi təqdimatı sentyabrın 23-də Londonda keçiriləcək.

Sfera.az xəbər verir ki, bu barədə "Autocar" məlumat yayıb.

Yeni "Bentley Torcal" ötən il nümayiş etdirilən EXP 15 konsept avtomobilinin seriya istehsalına uyğunlaşdırılmış versiyası olacaq. Şirkət bildirir ki, məhz bu model gələcəkdə istehsal olunacaq bütün "Bentley" avtomobillərinin yeni dizayn xəttinin əsasını təşkil edəcək.

"Torcal" adı İspaniyanın Andalusiya bölgəsində yerləşən məşhur "El Torcal de Antequera" qaya massivindən götürülüb. Ad eyni zamanda latınca "fırlatmaq" mənasını verən "torquere" sözünə istinad edir ki, bu da avtomobil terminologiyasında istifadə olunan "fırlanma anı" (torque) anlayışının mənşəyidir.

Təxminən 5 metr uzunluğunda olacaq yeni krossover model sıralarında "Bentayga" modelindən aşağı pillədə qərarlaşacaq. Bununla belə, "Bentayga" istehsaldan çıxarılmayacaq. Benzin mühərrikli model satışda qalacaq və 2028-ci ildə yeni nəsli təqdim ediləcək.

Beləliklə, "Bentley" yaxın illərdə həm daxiliyanma mühərrikli, həm hibrid, həm də tam elektrikli avtomobillər istehsal etməyə davam edəcək. Şirkət əvvəlki planından fərqli olaraq, artıq 2030-cu ilə qədər tam elektrikli brendə çevrilməyi hədəfləmir. Yeni strategiyaya əsasən, 2035-ci ilə qədər hər il ya yeni elektrikli, ya da plug-in hibrid model təqdim ediləcək.

Yeni "Torcal" xarici görünüşünə görə markanın indiki modellərindən xeyli fərqlənəcək. Avtomobil işıqlandırılan radiator barmaqlığı, şaquli LED faralar və XX əsrin ilk yarısında istehsal edilən klassik "Bentley" modellərindən ilhamlanan arxa hissə dizaynı ilə seçiləcək.

Məlumata görə, modelin satış qiyməti təxminən 170 min funt sterlinq olacaq. Onun əsas rəqiblərindən biri yaxın vaxtlarda təqdim ediləcək elektrik mühərrikli "Range Rover Electric" olacaq.

Bir enerji doldurması ilə avtomobilin 480 kilometrdən çox məsafə qət edəcəyi gözlənilir. Şirkətin dizayn direktoru Robin Peycin sözlərinə görə, alıcılar üçün 480-560 kilometrlik yürüş ehtiyatı kifayət edir və şirkət daha yüksək göstəricilər uğrunda yarışmağı planlaşdırmır.

Texniki baxımdan "Torcal" yeni "Porsche Cayenne Electric" modeli ilə eyni platformanı paylaşacaq. Avtomobilin 113 kilovat-saat tutumlu batareya ilə təchiz ediləcəyi və 390 kilovat gücündə ultra sürətli enerji doldurma sistemini dəstəkləyəcəyi gözlənilir. Bu texnologiya sayəsində batareyanın enerji səviyyəsini 10 faizdən 80 faizə qədər 16 dəqiqədən az müddətdə doldurmaq mümkün olacaq.

Bütün versiyalarda iki elektrik mühərrikinin quraşdırılacağı gözlənilsə də, şirkət hələlik onların texniki göstəricilərini açıqlamayıb. Ekspertlər avtomobilin təxminən 650 at gücü hasil edəcəyini proqnozlaşdırırlar.

Salon isə markaya xas dəbdəbəli üslubunu qoruyacaq. Burada 14,25 düymlük mərkəzi sensor ekran quraşdırılsa da, bir çox fiziki düymə və metal idarəetmə elementləri saxlanılacaq. Şirkət hesab edir ki, premium avtomobil alıcıları tam rəqəmsal idarəetmədən tədricən uzaqlaşmağa başlayırlar.

Bundan başqa, "Bentley" mühəndisləri markanın ilk elektrikli avtomobilinin özünəməxsus səsini qorumaq üzərində də çalışırlar. Şirkət bildirib ki, məqsəd benzin mühərrikinin səsini süni şəkildə təqlid etmək deyil, elektromobil üçün fərqli, lakin emosional təsir bağışlayan unikal akustik xüsusiyyət yaratmaqdır.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ