Dünya müharibəsi başlasa, 6 ölkə hədəfdə olacaq – Siyahı

Dünyada geosiyasi gərginliyin artdığı bir dövrdə Böyük Britaniyanın “The Express” nəşri mümkün III Dünya müharibəsi ssenarisində ən böyük risk altında olacaq ölkələrin siyahısını açıqlayıb.
Sfera.az xəbər verir ki, nəşr Rusiya-Ukrayna müharibəsinin davam etməsi, eləcə də ABŞ ilə İran arasında yenidən yüksələn gərginliyin beynəlxalq təhlükəsizlik risklərini daha da artırdığını vurğulayıb.
Məlumata görə, qlobal müharibə baş verəcəyi təqdirdə hərbi bazalar, strateji infrastruktur obyektləri və sıx məskunlaşmış şəhərlər əsas hədəflərdən biri ola bilər.
“The Express” mümkün III Dünya müharibəsində ən təhlükəli hesab edilən 6 ölkəni belə sıralayıb:
ABŞ
Nəşrin qiymətləndirməsinə görə, dünyanın ən böyük hərbi güclərindən biri olan ABŞ-nin qlobal müharibədən kənarda qalması demək olar ki, mümkün deyil. Bu səbəbdən ölkənin müxtəlif bölgələrinin potensial hədəfə çevrilə biləcəyi qeyd olunub.
İran
Məqalədə ABŞ və İsraillə yaşanan gərginlik fonunda İranın artıq yüksək risk altında olduğu bildirilib. Qeyd edilib ki, beynəlxalq böhran dərinləşərsə, İran qarşıdurmanın əsas mərkəzlərindən birinə çevrilə bilər.
İsrail
Nəşr vurğulayıb ki, inkişaf etmiş hava hücumundan müdafiə sistemlərinə malik olmasına baxmayaraq, İsrail raket hücumlarının əsas hədəflərindən biri olaraq qalır. Mümkün qlobal müharibə zamanı ölkənin prioritet hədəflər sırasında yer alacağı ehtimal edilir.
Rusiya
“The Express” Rusiya-Ukrayna müharibəsinin daha geniş coğrafiyaya yayılma riskinə diqqət çəkib. Bildirilib ki, münaqişə NATO ölkələrini də əhatə edərsə, qarşıdurma daha genişmiqyaslı xarakter ala bilər.
Şimali Koreya
Nəşrin yazdığına görə, Şimali Koreyanın Cənubi Koreya ilə gərgin münasibətləri, eləcə də Rusiya və Çinlə yaxın əlaqələri onu mümkün qlobal münaqişədə ən riskli ölkələrdən birinə çevirir.
Tayvan
Məqalədə Çin ilə Tayvan arasında davam edən gərginliyin də mühüm təhlükə mənbəyi olduğu vurğulanıb. Pekinin ada üzərindəki iddiaları səbəbindən Tayvanın mümkün hərbi əməliyyatların əsas mərkəzlərindən birinə çevrilə biləcəyi bildirilib.
Bəsti Rəfizadə
