ABŞ-nin İrana hücumları intensivləşib: Müharinə yeni məzmun ala bilər

ABŞ-nin İrana qarşı hərbi əməliyyatları yenidən intensiv mərhələyə keçib və tərəflər arasında qarşılıqlı zərbələrin davam etməsi Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirib. Vaşinqtonun ardıcıl hücumları, Tehranın cavab addımları və diplomatik təmasların nəticəsiz qalması fonunda münaqişənin hansı istiqamətdə inkişaf edəcəyi əsas müzakirə mövzularından birinə çevrilib.
Maraqlıdır, bu proses nə ilə nəticələnəcək? ABŞ artıq danışıqların mənasız olduğunu anlayıb və müharibə yolunu seçib?
Məsələ ilə bağlı politoloq Züriyə Qarayeva Sfera.az-a açıqlama verib.
Onun sözlərinə əsasən, ABŞ-nin İrana qarşı hərbi zərbələri davam etdirməsi Vaşinqtonun Tehrana qarşı təzyiq strategiyasını yeni mərhələyə keçirdiyini göstərir, amma bu, mütləq mənada diplomatik kanalların tam bağlanması kimi qiymətləndirilməməlidir:

“ABŞ adətən hərbi təzyiqi danışıqlarda üstün mövqe əldə etmək üçün də alət kimi istifadə edir. Lakin qarşılıqlı zərbələrin intensivləşməsi tərəflər arasında etimadı daha da zəifləşdirir və istənilən diplomatik təşəbbüsün uğur şansını azaldır. Ən böyük risk isə lokal qarşıdurmanın Yaxın Şərqin digər nöqtələrinə yayılması və regionda daha genişmiqyaslı təhlükəsizlik böhranının yaranmasıdır”.
Politoloq hazırkı mərhələdə Vaşinqtonun tammiqyaslı müharibəni əsas hədəf seçdiyini söyləməyin hələ tez olduğunu açıqlayıb:
“ABŞ üçün belə bir ssenari həm hərbi, həm iqtisadi, həm də siyasi baxımdan ciddi xərclər yarada bilər. Daha real görünən variant İrana davamlı hərbi, iqtisadi və diplomatik təzyiqlərin paralel şəkildə artırılmasıdır. Bununla yanaşı, əgər Tehran cavab addımlarını sərtləşdirsə və ya ABŞ-nin regional maraqlarına birbaşa təhlükə yaratsa, hadisələrin nəzarətdən çıxaraq daha geniş hərbi qarşıdurmaya çevrilməsi ehtimalı da istisna edilmir. Bu baxımdan yaxın dövrün əsas göstəricisi tərəflərin hərbi ritorikanı real müharibəyə çevirib-çevirməyəcəyi olacaq”.
Bəsti Rəfizadə

