Hacıqabulda sərnişin avtobusu aşdı: 28 yaralı

Hacıqabulda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Muğan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Zaqatala-Bakı marşrutu üzrə hərəkətdə olan sərnişin avtobusu aşıb. Qəza nəticəsində 21 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Onlardan 7-si Hacıqabul, 14-ü isə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəsarət alanların bəzisinin şəxsiyyəti məlum olub.
Qəzada Zaqatala rayon sakinləri - 2004-cü il təvəllüdlü Osmanova Səbinə Paşa qızı, 2007-ci il təvəllüdlü Xəlilova Dəcilə Fəzail qızı, 1998-ci il təvəllüdlü Ömərov Nurlan Nadir oğlu, 1971-ci il təvəllüdlü Hasilova Zümrüd Məhəmməd qızı, 1965-ci il təvəllüdlü Məmmədov Ramazan Nazim oğlu xəsarət alıb.
Bundan başqa, Sumqayıt şəhər sakini 2017-ci il təvəllüdlü Balayev Firuz Elvin oğlu, Bakı şəhər sakini 2016-cı il təvəllüdlü Mikamayeva Nigar Orxan qızı da yaralanıb.
Faktla bağlı araşdırma aparılır.
***
Hacıqabul rayonunun Muğan kəndi ərazisində sərnişin avtobusunun aşması nəticəsində xəsarət alan 28 nəfər (12 kişi, 7 qadın, 9 azyaşlı) iyulun 12-də, saat 06 radələrindən başlayaraq Hacıqabul və Şirvan Şəhər Mərkəzi Xəstəxanalarının təcili tibbi yardım şöbələrinə yerləşdiriliblər.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Qeyd olunub ki, xəsarət alan şəxslərə bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu qoyulub və onlara zəruri tibbi xidmətlər göstərilib.
Hazırda vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
