Rusiya “S-400”lərin satışı üçün bu ölkəni göstərdi

Rusiya “S-400”lərin satışı üçün bu ölkəni göstərdi
Kateqoriya məlum deyil
T

Rusiya hökuməti Türkiyənin mülkiyyətində olan “S-400” hava hücumundan müdafiə sistemlərinin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) satılması ehtimalına müsbət yanaşıb.

Sfera.az “The Middle East Eye" nəşrinə istinadən xəbər verir ki, aylardır davam edən danışıqlar yekunlaşacağı təqdirdə, bu addım Türkiyənin “S-400” böhranı səbəbilə kənarlaşdırıldığı “F-35” proqramına geri dönməsinə yol aça bilər.

Mövzuya yaxın mənbələr danışıqların hələ başa çatmadığını bildirib. Kreml də Türkiyə ilə sistemlərin üçüncü bir ölkəyə satışı istiqamətində məsləhətləşmələrin aparıldığını təsdiqləyib. Rusiya tərəfi “S-400”lərin bir Körfəz ölkəsinə satılacağı təqdirdə, bunun BƏƏ olmasını dəstəklədiyini bildirib.

Rusiyalı rəsmi şəxslər Türkiyənin “S-400”ləri BƏƏ-yə satmaq ideyasına "Niyə də olmasın?" cavabını verib. Bununla belə, bəzi texniki detalların hələ dəqiqləşdirilməli olduğu və son qərarın Rusiya Prezidenti Vladimir Putin tərəfindən veriləcəyi vurğulanıb.

Ekspertlər qeyd edib ki, satışın birbaşa Türkiyə ilə BƏƏ arasında baş tutması, Rusiyanın prosesə birbaşa tərəf olmaması səbəbindən Türkiyəni ABŞ-nin sanksiyalarından qoruya bilər.

Rusiyanın bu satışa razılıq verməsinin arxasında hansı səbəblərin dayandığı hələ tam bəlli deyil. Ancaq Ankaradakı mənbələr Moskvanın qarşılığında Türkiyədən bəzi güzəştlər (tavizlər) tələb edə biləcəyini proqnozlaşdırır. Bu çərçivədə Türkiyə ilə Rusiya arasında kritik təbii qaz müqaviləsinin hələ yenilənmədiyi və danışıqların davam etdiyi xatırladılıb.

Xatırladaq ki, Türkiyə 7 il əvvəl təxminən 2 milyard dollar qarşılığında aldığı “S-400” sistemlərinə görə “F-35” layihəsindən çıxarılmışdı. 2025-ci ildə Donald Trampın ABŞ-də hakimiyyətə gəlməsi ilə iki ölkə arasında münasibətlərin normallaşması prosesi başlayıb. ABŞ-nin 2020-ci il Müdafiə Səlahiyyətləndirmə Aktına (NDAA) əsasən, Türkiyənin “F-35”ləri təhvil alması üçün “S-400”lərə sahib olmaması şərt qoyulur.

Daha əvvəl gündəmə gələn "S-400ələrin ana komponentlərinin çıxarılaraq ABŞ-nin nəzarətində etibarlı yerdə saxlanması" formulu, sanksiyaların tamamilə qaldırılmaması və yalnız müvəqqəti güzəşt təmin etməsi səbəbilə yetərsiz hesab edilib.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ