NATO sammitinə dəvət edilməyən Gürcüstanda gərginlik: Ölkə strateji əhəmiyyətini itirir?

Türkiyədə keçirilən NATO Zirvə toplantısına dəvət almayan Gürcüstanda "beynəlxalq izolyasiya" ilə bağlı ciddi müzakirələr başlayıb. Ölkənin beynəlxalq platformalarda strateji əhəmiyyətini itirdiyi iddia edilib.
Sfera.az xəbər verir ki, Qətər, Yaponiya və Ukrayna kimi bir çox tərəfdaş ölkə regional təhlükəsizlik tədbirlərində iştirak etdiyi halda, son on il ərzində Avropa İttifaqı (Aİ) və NATO ilə inteqrasiyanı milli strategiya kimi müəyyən edən Gürcüstanın ilk dəfə rəsmi zirvə proqramından kənarda qalması ciddi tənqidlərə səbəb olub.
İqtidarda olan "Gürcü Arzusu" Partiyasının nümayəndələri iddiaları rədd edərək, Ankarada keçirilən zirvədə əvvəlki formatın tətbiq edilmədiyini müdafiə edirlər. Lakin müxalifət və ekspertlər Gürcüstanın artıq beynəlxalq arenada "etibarsız" tərəfdaş kimi qəbul edildiyinə diqqət çəkiblər.
Gürcüstanın NATO-dakı keçmiş daimi nümayəndəsi Levan Dolidze mövcud xarici siyasətin milli maraqlara ciddi zərər vurduğunu vurğulayıb. O, ölkənin yalnız NATO-dan deyil, həm də Aİ daxilindəki müzakirələrdən kənarda qaldığını qeyd edib.
Tiflis ilə Qərb arasındakı münasibətlər, xüsusilə Gürcüstanda qəbul edilən “xarici təsir" haqqında qanun və hökumət əleyhinə keçirilən etiraz aksiyalarından sonra daha da gərginləşib. Nəticədə, Avropa İttifaqı ölkənin üzvlük prosesini qeyri-müəyyən müddətə dayandırıb.
Baş nazir İrakli Kobaxidzenin daha əvvəl Aİ ilə danışıqları dayandırmaq qərarı və son hadisələr, Gürcüstanın beynəlxalq platformalardakı mövqeyinin ciddi şəkildə sorğulanmasına səbəb olub.
Bəsti Rəfizadə
