Kiyevin çoxdan gözlədiyi “Patriot” qərarı: Nə dəyişəcək?

Kiyevin çoxdan gözlədiyi “Patriot” qərarı: Nə dəyişəcək?
Kateqoriya məlum deyil
T

ABŞ Ukraynaya “Patriot” raketlərinin istehsalına lisenziya verəcək və tezliklə bu raketlərin istehsalına başlanılacaq. Ukrayna dəfələrlə “Patriot”a ehtiyaclarının olduğunu bildirmişdi və ona daha çox "Patriot" raketinin verilməsini istəyirdi.

Maraqlıdır, bu raketlərin yerli istehsalının təşkili nəyi dəyişəcək? Onları daha ucuz əldə edəcək, yoxsa məhdudiyyətsiz istədiyi qədər sahib ola biləcək?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Züriyə Qarayeva bildirib ki, ABŞ-nin Ukraynaya “Patriot” raketlərinin istehsalı üçün lisenziya verməsi reallaşarsa, bu, ilk növbədə Ukraynanın hava hücumundan müdafiə imkanlarının daha dayanıqlı şəkildə formalaşdırılmasına xidmət edəcək.

Onun sözlərinə görə, hazırda Kiyev bu raketləri əsasən xarici tədarüklərdən asılı vəziyyətdə əldə edir və bu proses həm siyasi qərarlardan, həm də istehsalçı ölkələrin ehtiyatlarından asılıdır:

“Yerli istehsal isə təchizatın sürətini artıra, logistika xərclərini azalda və raket ehtiyatlarının daha operativ şəkildə bərpasına imkan yarada bilər. Bununla belə, bu, raketlərin birdən-birə ucuzlaşacağı və ya Ukraynanın istədiyi qədər məhdudiyyətsiz istehsal edə biləcəyi anlamına gəlmir. Çünki “Patriot” sistemi və onun raketləri yüksək texnologiyalı məhsullardır, onların istehsalı üçün xüsusi komponentlər, lisenziyalı texnologiyalar və ABŞ nəzarəti altında olan istehsal standartları tələb olunur. Hətta lisenziya verilsə belə, bir sıra kritik hissələrin xaricdən gətirilməsi və istehsal həcminin Vaşinqtonla razılaşdırılması ehtimalı yüksəkdir. Buna görə də əsas dəyişiklik qiymətdən çox Ukraynanın müdafiə sənayesinin güclənməsi, təchizat risklərinin azalması və uzunmüddətli perspektivdə hava hücumundan müdafiə imkanlarının daha davamlı hala gəlməsi olacaq. Bu addım həm də Qərbin Ukraynanın hərbi-sənaye kompleksini müharibədən sonrakı dövr üçün strateji tərəfdaş kimi formalaşdırmaq niyyətinin göstəricisi hesab oluna bilər”.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ