Paraqvay hökuməti Mbappeyə görə üzr istədi

Paraqvay hökuməti Mbappeyə görə üzr istədi
Kateqoriya məlum deyil
T

Paraqvay hökuməti ölkə senatoru Seleste Amarillanın Fransa millisinin kapitanı Kilian Mbappe barədə paylaşdığı irqçi fikirlərə görə Fransadan rəsmi şəkildə üzr istəyib.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Fransanın idman naziri Marina Ferrari “Franceinfo” telekanalına açıqlamasında məlumat verib.

Nazir bildirib ki, Amarillanın Mbappe barədə səsləndirdiyi ifadələr son dərəcə iyrənc xarakter daşıyır. O xatırladıb ki, Paris Respublika Prokurorluğu senatorun paylaşımı ilə bağlı bu həftə araşdırmaya başlayıb.

Marina Ferrari qeyd edib ki, Paraqvay hökuməti baş verən hadisəyə görə Fransadan üzr istəyərək bu cür açıqlamaların ölkənin dəyərləri ilə qətiyyən uzlaşmadığını vurğulayıb. Bununla belə, nazir senator Amarillanın eyni mövqedə israr etdiyini bildirib.

Ferrari siyasətçilərin bu cür irqçi və nifrət xarakterli ifadələr işlətməsinin yolverilməz olduğunu deyib. O, Amarillanın Fransada arzuolunmaz şəxs elan edilib-edilməyəcəyi ilə bağlı suala isə “Ölkəyə kimin daxil olub-olmamasına qərar vermək mənim səlahiyyətimdə deyil”, - cavabını verib.

Nazirin sözlərinə görə, senator Fransaya səfər edəcəyi təqdirdə ictimaiyyət tərəfindən müsbət qarşılanmayacaq.

Qeyd edək ki, Paraqvay senatoru Seleste Amarilla Kilian Mbappe haqqında “özünü fransız kimi aparan müstəmləkə mənşəli kamerunlu, nifrət dolu, təkəbbürlü və çirkin” ifadələrini işlədib.

Fransa millisi DÇ-2026-nın 1/8 final mərhələsində Paraqvayı 1:0 hesabı ilə məğlub etdikdən sonra Mbappe sosial şəbəkə hesabında senatorun paylaşımına sərt reaksiya verib. O, Seleste Amarillanı “vəzifəsinə layiq olmayan” şəxs adlandıraraq, onun Paraqvayın şərəfini və meydanda mübarizə aparan xalqını təmsil etmədiyini bildirib.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ