Hörmüz yenə bağlandı

ABŞ və İran arasında müvəqqəti atəşkəsin pozulması və qarşılıqlı hərbi əməliyyatların yenidən başlaması dünyanın ən strateji enerji marşrutlarından biri olan Hörmüz boğazında gəmi hərəkətini faktiki olaraq iflic edib.
Sfera.az xəbər verir ki, İranın Hörmüz boğazından keçən bəzi gəmilərə zərbələr endirməsindən sonra ABŞ ordusu cavab əməliyyatları keçirib.
Vaşinqton bəyan edib ki, İranın yeni hücumları təkrarlanacağı təqdirdə hərbi əməliyyatların miqyası daha da genişləndiriləcək.
Qeyd edək ki, ABŞ mətbuatı Ağ evin İrana qarşı həftələrlə, hətta aylarla davam edə biləcək hərbi əməliyyatlara hazırlaşdığı barədə məlumat yayıb.
Məlumata görə, həftənin əvvəlində Fars körfəzində ticarət gəmilərinə qarşı bir sıra hücumlar baş verib. İddialara əsasən, İran tərəfindən həyata keçirilən hücumlar nəticəsində Qətərə məxsus mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan gəmi və iki iri neft tankeri zərər görüb.
Bundan sonra ABŞ Prezidenti Donald Tramp İranla əldə olunmuş müvəqqəti atəşkəs razılaşmasının rəsmi olaraq başa çatdığını açıqlayıb.
Ardınca ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək və İranın bölgədəki hərbi imkanlarını zəiflətmək məqsədilə ikinci gecə ardıcıl olaraq İran ərazisində yerləşən hərbi hədəflərə genişmiqyaslı hava zərbələri endirdiyini təsdiqləyib.
“Bloomberg” tərəfindən izlənilən gəmi monitorinqi və dənizçilik məlumatları Hörmüz boğazının, xüsusilə Oman nəzarətində olan təhlükəsiz keçid zolağında gəmi hərəkətinin demək olar ki, tam dayandığını göstərib.
Bildirilib ki, çoxsaylı ticarət gəmiləri marşrutlarını təcili dəyişərək geri dönüb. Bəzi gəmi sahibləri isə izləmə sistemlərini (AIS) söndürərək hərəkət edir və ya hərbi konvoyların müşayiəti ilə bölgəni tərk etməyə çalışırlar.
Bundan başqa, Beynəlxalq Dəniz Təşkilatı (IMO) da təcili xəbərdarlıq yayıb. Qurum ikinci bildirişə qədər bütün ticarət gəmilərinə Hörmüz boğazı marşrutundan istifadə etməməyə çağırış edib.
Bəsti Rəfizadə
