ABŞ ordusu yenidən İranı vurdu

ABŞ ordusu iyulun 8-də İrana qarşı əlavə hərbi əməliyyat həyata keçirib.
Sfera.az bildirir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) sosial şəbəkədəki "X" hesabında məlumat yayıb.
CENTCOM-un açıqlamasına görə, əməliyyatın məqsədi İranın Hörmüz boğazında ticarət gəmiçiliyinə və mülki dənizçilərə qarşı hücum imkanlarını daha da zəiflətmək olub.
Məlumatda bildirilir ki, ABŞ qüvvələri İranın sahil xətti boyunca yerləşən hava hücumundan müdafiə sistemləri, sahil müşahidə vasitələri, raket və pilotsuz uçuş aparatlarının saxlanma məntəqələri, dəniz qüvvələrinə aid obyektlər, eləcə də hərbi logistika infrastrukturunu hədəfə alıb. Ümumilikdə təxminən 90 hərbi obyektə zərbələr endirildiyi qeyd olunur.
Açıqlamaya əsasən, bu əməliyyatlar ABŞ-ın bir gün əvvəl İranda həyata keçirdiyi hücumların davamı xarakteri daşıyır.
Qeyd edək ki, CENTCOM iyulun 7-də də İrana məxsus təxminən 80 hərbi hədəfə zərbələr endirdiyini açıqlamışdı. Həmin hədəflər arasında İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus 60-dan çox kiçik sürətli qayığın da olduğu bildirilmişdi.

