ABŞ-dən gözlənilməz İsrail qərarı

ABŞ müdafiə naziri Pit Heqsetin Ankaradakı NATO Sammitindən sonra İsrailə planlaşdırılan səfəri ləğv edilib.
Sfera.az xəbər verir ki, İsrail mətbuatının yaydığı məlumata əsasən, Ankarada keçirilən NATO Dövlət və Hökumət Başçıları Zirvəsində iştirak edən Pit Heqsetin İsrailə nəzərdə tutulan səfəri proqramdan çıxarılıb. Səfərin hansı səbəbdən ləğv edildiyi barədə isə hələlik rəsmi açıqlama verilməyib.
İddialara görə, ABŞ müdafiə naziri Pit Heqsetin Türkiyənin "F-35" proqramına mümkün qayıdışını müzakirə etmək üçün İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşü planlaşdırılıb. Görüşdə İsrailin müdafiə naziri İsrael Katzın da iştirak etməsi, həmçinin İran başda olmaqla regional təhlükəsizlik məsələlərinin müzakirə olunacağı gözlənilirdi.
Netanyahu son günlər ABŞ mediasına verdiyi müsahibələrdə Türkiyənin "F-35" proqramına yenidən qoşulması ehtimalına etirazını açıq şəkildə ifadə edib. O, bu addımın yanlış qərar olacağını bildirərək, Türkiyənin "F-35" kimi müasir döyüş təyyarələrinə sahib olmasının regionda sabitliyi poza biləcəyini iddia edib.
Netanyahu həmçinin ABŞ Prezidenti Donald Tramp ilə münasibətlərinin yaxşı olduğunu vurğulayaraq, Türkiyənin "F-35" proqramına qayıdışı ilə bağlı fikir ayrılığını “iki dost arasındakı fikir fərqi” kimi qiymətləndirib.
Bəsti Rəfizadə
