Ukrayna qısa müddətdə məğlub ola bilər: Qərb nə edəcək?

NATO-nun Ankarada keçirilən Liderlər Zirvəsində müzakirə mövzularından biri də Ukraynadakı müharibə və Kiyevə göstəriləcək gələcək dəstək olacaq. Alyansın Ukraynaya hərbi, maliyyə və siyasi yardımının davam etdirilməsi, eləcə də üzv dövlətlər arasında məsuliyyət bölgüsünün necə formalaşacağı diqqət mərkəzindədir.
Bəs sammit Ukrayna ilə bağlı hansı qərarlarla yadda qala bilər? Kiyevə daha geniş dəstək paketi açıqlanacaq, yoxsa əsas yük yenə Avropa ölkələrinin üzərində qalacaq?
Məsələ ilə bağlı politoloq Cavanşir Abbaslı Sfera.az-a açıqlama verib.
Onun sözlərinə görə, Avropa üçün hazırda bu müharibənin davam etməsi və Ukraynanın məğlub olmaması olduqca vacibdir:

“Türkiyə Rusiya ilə Ukrayna arasında gedən müharibədə əsas vasitəçi qismində görülən, bəlkə də, yeganə ölkədir. İndiyədək bu müharibənin sonlandırılması üçün bir neçə görüşün Ankarada və İstanbulda təşkil olunması bunun bariz sübutudur. Doğrudur, Türkiyəyə ən yaxın strateji tərəfdaş sayılan Pakistanda da müharibənin sonlandırılması üçün bir sıra görüşlər təşkil olunub. Bundan çıxış edərək əminliklə bildirmək olar ki, bu savaşın taleyində əsas söz sahibi, yəni onu bitirə biləcək əsas aktor qismində Türkiyə görülür. Trampın da məhz sammitdə iştirak üçün Ankaraya gəlməsi təsadüfi deyil. Eləcə də Ərdoğanın onu birbaşa hava limanında qarşılaması təsadüfi deyil. Hesab edirəm ki, burada ciddi qərarlar deyəndə, o qədər də indiyədək verilən qərarlardan fərqli hansısa qərarın şahidi olmayacağıq. İndiyədək hansı yardımlar edilibsə, onların davam etdirilməsi ilə bağlı qərar qəbul ediləcək. Bu, bir növ, can verən xəstəyə dilini isladacaq qədər su damızdırmaq kimidir. Amma bu yardımlar dayandırılarsa, Ukrayna çox qısa müddətdə müharibədə məğlub ola bilər. Ona görə də bu yardımların davam etdirilməsi özü böyük bir qərardır. Mənim fikrimcə yardım paketi əvvəlkilərdən fərqlənməyəcək”.
Ekspert bildirib ki, Rusiyanın Ukraynada ciddi itkilər verməsi, gücünü itirməsi və daxilində ciddi problemlərlə üzləşməsi ABŞ başda olmaqla NATO ölkələri üçün mühüm əhəmiyyət daşıyır:
“Ona görə də bu yardım paketləri bundan sonrakı sammitlərdə də davamlı şəkildə Ukraynaya təqdim ediləcək. Bundan fərqli hansısa addımın atılacağını düşünmürəm. Əsas yük isə təbii ki, Avropa ölkələrinin üzərində qalacaq və bu da təbiidir. Çünki məhz Ukraynanı Rusiyaya qarşı müharibədə ayaqda saxlayan, hətta deyərdim ki, Rusiyanın işğalçı müharibəyə başlamasına rəvac verən Avropa ölkələridir. Ona görə də əsas yük onların üzərindədir və belə də olmalıdır”.
Bəsti Rəfizadə

