ABŞ İranda 80 hədəfi vurdu: "Əməliyyatlar genişlənə bilər"

ABŞ İranda 80 hədəfi vurdu: "Əməliyyatlar genişlənə bilər"
Kateqoriya məlum deyil
T

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) tərəfindən 80-dən çox hədəfə hücum edərək İrana qarşı yeni zərbələr seriyasını başa çatdırıldığı açıqlanıb. Komandanlıqdan həmçinin SEPAH-ın 60-dan çox katerinə hücum edildiyini bildirilib. CENTCOM İranın Hörmüz boğazında üç gəmiyə hücumuna cavab olaraq İslam Respublikasına güclü zərbələr endirməyə başladığını açıqlayıb.

Bundan başqa, ABŞ Maliyyə Nazirliyi avqustun 21-dək İranın neft sektoruna qarşı sanksiyaları yumşaldan lisenziyanı ləğv edib. Rəsmi Tehran isə bunu İslamabad Memorandumunun 10-cu bəndinin açıq şəkildə pozulması kimi dəyərləndirib.

Maraqlıdır, belə hücumlar nə zamana qədər davam edə bilər və məqsədi nədir?

Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli Sfera.az-a açıqlama verib. O bildirib ki, ABŞ və İran arasında qarşılıqlı hərbi zərbələrin bərpa olunması Yaxın Şərq regionu üçün olduqca neqativ hadisədir:

“İki tərəf arasında sülh danışıqlarının davam etdiyi, eyni zamanda atəşkəs razılaşmasının qüvvədə olduğu bir vaxtda hərbi əməliyyatların qısa müddətli də olsa bərpa olunması olduqca təhlükəli prosesdir. Buna görə də bu prosesin daha genişmiqyaslı silahlı toqquşmalara yol aça biləcəyi qətiyyən istisna deyil. Çünki həm ABŞ-nin sülh danışıqlarında konkret hədəfləri var, həm də İranın konkret hədəfləri var və bu hədəflər qarşılıqlı şərtlər kimi bir-birinə təqdim olunub. Lakin bu şərtlər bir-biri ilə kəskin ziddiyyət təşkil edir. Qarşı duran tərəflər hələlik həmin şərtlərin razılaşdırılmasında, ortaq məxrəcə gəlməkdə çətinlik çəkirlər. Təbii ki, bu da iki tərəf arasındakı hərbi-siyasi gərginliyin aktual olaraq qalmasına səbəb olur. Böyük ehtimalla, yekun sülh sazişi imzalanana qədər belə hadisələrin baş verməsi və ya onların tez-tez təkrarlanması qətiyyən istisna deyil”.

Ekspertin sözlərinə əsasən, onu da nəzərə almaq lazımdır ki, hazırda Yaxın Şərq böhranının əsas ağırlıq mərkəzi məhz Hörmüz boğazı üzərində cəmləşib:

“Çünki bu beynəlxalq su hövzəsindən, yəni ticarət marşrutundan sərbəst istifadə olunmalıdır. Ancaq İran bu marşruta nəzarət etmək istəyir. ABŞ-ın İrana qarşı bu dəfə endirdiyi hərbi zərbələrin də məhz İranın Hörmüz boğazından keçən ticarət gəmilərinə hücum etməsi ilə əlaqədar baş verdiyi bildirilir. Bu baxımdan, Hörmüz boğazı ətrafındakı mübahisələr və ziddiyyətlər vaxtaşırı olaraq qarşı duran tərəflər arasında hərbi gərginliyin artmasına və qarşılıqlı hərbi zərbələrin endirilməsinə səbəb ola bilər. Böyük ehtimalla, yekun sülh sazişi əldə olunana və Hörmüz boğazı ilə bağlı mübahisəli məsələlər həll edilənə qədər belə hadisələrin baş verməsi qətiyyən istisna deyil”.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ