Bakıda 6 marşrutun hərəkət sxemi dəyişdirildi – SƏBƏB

Bakının bir sıra küçələrində aparılan təmir işləri ilə əlaqədar 6 müntəzəm avtobus marşrutunun hərəkət sxemində müvəqqəti dəyişiklik edilib.
Sfera.az xəbər verir ki, paytaxtın Səməd Vurğun küçəsinin Füzuli küçəsi ilə kəsişməsindən Abbasqulu ağa Bakıxanov küçəsi ilə kəsişməsinədək, eləcə də Nazim Hikmət küçəsinin Mətbuat prospekti ilə kəsişməsindən Abbas Mirzə Şərifzadə küçəsi ilə kəsişməsinədək olan hissələrində aparılan təmir işləri səbəbindən nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub.
Bununla əlaqədar olaraq, 10-12 iyul tarixlərində 61 və 88A nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti Rəşid Behbudov, Abbasqulu ağa Bakıxanov və Səməd Vurğun küçələri ilə təşkil ediləcək.
Eyni tarixlərdə 10, 14 və 18 nömrəli müntəzəm avtobus marşrutları isə Əbdürrəhim bəy Haqverdiyev, Şəfayət Mehdiyev, Akim Abbasov və Abbas Mirzə Şərifzadə küçələri istiqamətində hərəkət edəcək.
Bundan əlavə, 11-12 iyul tarixlərində Sənan Abdullayev küçəsində (Baksol yolu) Ziya Bünyadov prospektindən Karvan yolu döngə 1-dək aparılacaq təmir işləri ilə əlaqədar 71 nömrəli müntəzəm avtobus marşrutu müvəqqəti olaraq metronun "Azadlıq prospekti" stansiyasından Sənan Abdullayev küçəsi, giriş 141A ünvanınadək fəaliyyət göstərəcək.
Sürücülərə və sərnişinlərə səfərlərini planlaşdırarkən qeyd olunan dəyişiklikləri nəzərə almaları tövsiyə olunur.
