Azərbaycanda mərasim xərcləri niyə sürətlə artır? - SƏBƏBLƏR

Azərbaycanda mərasim xərcləri niyə sürətlə artır? - SƏBƏBLƏR
Kateqoriya məlum deyil
T

Son günlər Azərbaycan əhalisinin mərasim xidmətləri üçün çəkdiyi xərclər sürətlə artır.

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2021-2025-ci illər ərzində əhalinin mərasim xərcləri 3 dəfə artaraq 63 milyon manata çatıb.

Qeyd edək ki, burada mərasim xərcləri dedikdə dəfn və yas mərasiminin təşkili xərcləri nəzərdə tutulur.

Beş il əvvəl əhali mərasimlər üçün 21 milyon manat pul xərcləmişdi. Bu xərclər hər il sürətlə artaraq ötən il 63 milyon manata çatıb. Yalnız 2025-ci ildə mərasim mərcləri 20 faiz artıb.

Maraqlıdı, mərasim xərclərinin artmasına səbəb nədir?

Məsələə ilə bağlı iqtisadçı Allahverdi Cəfərov Sfera.az-a açıqlama verib.

O bildirib ki, 2020-2021-ci illərlə indiki dövrü müqayisə etmək olmaz və bunun səbəblərini açıqlayıb:

“Bildiyimiz kimi, 2020-ci və 2021-ci illər ölkədə pandemiya ilə bağlı ciddi qadağaların olduğu illər olub. Yas mərasimlərinin keçirilməsinə məhdudiyyətlər qoyulub. Bir çox hallarda geniş yas mərasimləri keçirilmirdi, iştirakçı sayı məhdudlaşdırılırdı və nəticədə əhalinin mərasimlərə çəkdiyi xərclər əvvəlki dövrlərlə müqayisədə aşağı düşmüşdü. Daha obyektiv müqayisə üçün pandemiyadan əvvəlki 2019-cu ili baza kimi götürmək daha məqsədəuyğundur. Statistika göstərir ki, 2019-cu illə müqayisədə 2025-ci ildə mərasim xərclərinin artımı dəyər ifadəsində təxminən 2 dəfə artıb. Mərasim xərclərinin ümumi xərclərdəki payı isə ciddi dəyişməyib. 2019-cu ildə mərasim xərclərinin ümumi xərclərdəki payı 3%-dən bir qədər çox olub. Ötən il isə bu göstərici 3,75%-ə yüksəlib. Bu səbəbdən deyə bilərik ki, son illərdə təkcə mərasim xərcləri deyil, bütövlükdə xərclər artıb. Digər xərclərin strukturuna baxdığımız zaman həmin sahələrdə də xərclərin artdığı müşahidə olunur”.

İqtisadçının fikrincə, xərclərin, o cümlədən mərasim xərclərinin artmasının əsas səbəbi inflyasiyadır:

“Görünən odur ki, inflyasiya amili mərasim xərclərinin artmasına daha çox təsir edib. Diqqət etsək, görərik ki, yas mərasimlərində istifadə olunan ərzaq məhsullarının qiyməti daha çox artıb. Ən çox bahalaşan məhsullar arasında ət, kərə yağı və düyü ilk sıralarda yer alır. Yas mərasimlərində də əsasən bu ərzaq məhsullarından istifadə edilir. Bu səbəbdən də digər xərclərlə müqayisədə mərasim xərclərinin daha çox artması başadüşüləndir. Mərasim xərclərinin artmasının başqa bir mühüm səbəbi yas mərasimlərinin keçirilməsi ilə bağlıdır. Pandemiyadan əvvəl ölkədə yas mərasimləri bir çox hallarda çadırlarda keçirilirdi. İnsanlar mərasimlər üçün “çadır xidməti”ndən istifadə edirdilər. Pandemiyadan sonra, xüsusilə də son bir neçə ildə “çadır xidməti” aradan qalxıb və onların yerini mərasim evləri tutub. Bu da təbii olaraq xərclərə təsir edir. Başqa bir səbəb isə dəfn yerləri və bununla əlaqəli xidmətlərin bahalaşmasıdır. Xüsusilə regionda baş verən müharibələr səbəbindən, tamamilə idxaldan asılı olan məzar daşlarının qiymətləri kəskin artıb. Əvvəllər Ukraynadan idxal olunan və nisbətən ucuz olan məzar daşlarının əvəzinə indi daha uzaq ölkələrdən baha daşlar gətirilir”.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ