Bir sinifdə 40-60 şagird: Təhsilin keyfiyyəti necə təmin olunur?

Bir sinifdə 40-60 şagird: Təhsilin keyfiyyəti necə təmin olunur?
Kateqoriya məlum deyil02.10.25, 09:27711 👁️
T

Son illərdə Bakıda və Abşeron rayonunda valideynlərin ən çox şikayət etdiyi məsələlərdən biri məktəblərdə şagird sıxlığının  həddən artıq yüksək olmasıdır. Artıq bəzi təhsil ocaqlarında, xüsusən də Bakının ətraf qəsəbələrində və Xırdalanda siniflərdə 40-dan çox, 60 şagirdin təhsil alması faktı qeydə alınıb. Bu isə təhsilin keyfiyyətinə ciddi təsir göstərir.

 

Təhsil eksperti Kamran Əsədov siniflərdə şagird çoxluğu probleminin səbəbləri və nəticələri haqqında Sfera.az-a danışıb.


O bildirib ki, siniflərdə çoxsaylı şagirdlərin olması təhsilin keyfiyyətinə birbaşa mənfi təsir göstərir:


“Azərbaycanda, xüsusilə böyük şəhərlərdə əhalinin artımı fonunda məktəb tikintisi eyni sürətlə aparılmır. Bu isə siniflərin həddən artıq yüklənməsinə səbəb olub. Fakt odur ki, Xırdalan və Bakı ətrafı qəsəbələrdə siniflərdə 40–60 şagirdin olması halları mövcuddur və bu, təhsil mühitini qeyri-səmərəli edir. Ümumi Təhsil Haqqında Qanunun 14.2-ci maddəsinə görə, hər bir şagirdin təhsil hüququ bərabər təmin edilməlidir. Təəssüf ki, bu norma çox vaxt pozulur”.

 


Ekspertin sözlərinə görə, son 10 ildə ölkədə şagirdlərin sayı sürətlə artıb:


“Dövlət Statistika Komitəsinin məlumatına görə, 2010-cu illə müqayisədə 2023-cü ildə ümumtəhsil məktəblərində şagirdlərin sayı 200 mindən çox artıb. Bakı, Abşeron və Sumqayıtda sıxlıq ən yüksək həddədir. Əgər bəzi kənd məktəblərində siniflərdə 10–12 şagird oxuyursa, şəhərlərdə bu rəqəm 2–3 dəfə çoxdur. OECD ölkələrində ibtidai siniflərdə orta göstərici 21–23, yuxarı siniflərdə isə 24–26 nəfərdir. Finlandiya, Estoniya kimi yüksək nəticə göstərən ölkələrdə siniflər kiçikdir və müəllim hər bir şagirdlə fərdi işləmək imkanı əldə edir. Azərbaycanda isə 40–60 nəfərlik siniflər bu modeldən tamamilə uzaqdır”.


Mütəxəssis qeyd edib ki, şagird sayı çox olan siniflərdə müəllimin diqqəti parçalanır, fərdi yanaşma mümkün olmur, qiymətləndirmədə obyektivlik azalır, şagirdlər arasında intizam problemləri artır:


“Psixoloqlar da təsdiq edir ki, şagird sayı çox olan siniflərdə uşaqlar arasında stress və aqressiya daha çox müşahidə olunur. Bu da nəticə etibarilə beynəlxalq qiymətləndirmələrdə Azərbaycanın geri qalmasına səbəb olur. Nazirliyin təşəbbüsü ilə “Yeni məktəb” layihəsi çərçivəsində hər il onlarla məktəb binası tikilir və əsaslı təmir olunur. Bu, əhalisi sıx olan ərazilərdə vəziyyəti tədricən yumşaldır. Amma demoqrafik artım fonunda məktəb şəbəkəsinin genişləndirilməsi daha sürətli və genişmiqyaslı tədbirlər tələb edir”.


Kamran Əsədov hesab edir ki, optimal sinif sayı 20–24 nəfərdir. Əgər məktəb şəbəkəsi vaxtında genişləndirilsə, iki və üçnövbəli tədris ləğv olunsa, təhsil keyfiyyətində ciddi artım olacaq:


“Əsas problem şagird çoxluğu yox, məktəb və sinif otaqlarının azlığıdır. Yeni məktəblərin tikilməsi, paralel siniflərin artırılması və müəllimlərin işə qəbulu imkanlarının genişləndirilməsi vacibdir”.

 

Sfera.az məsələ ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə sorğu göndərib.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ