Son illərdə həm Azərbaycanda, həm də dünyada müşahidə olunan mühüm sosial tendensiyalardan biri gənclərin evlilik və valideynlikdən daha çox uzaqlaşmasıdır. Əvvəlki nəsillərdə ailə qurmaq və övlad sahibi olmaq həm təbii, həm də vacib həyat mərhələsi hesab olunurdusa, bu gün gənclər məsələni daha fərqli qiymətləndirirlər. Onların fikrincə, ailə qurmaq, övlad sahibi olmaq məsuliyyəti artırır, maddi çətinliklər yaradır və şəxsi azadlıqları məhdudlaşdırır. Bu qorxu gənclərin ailə qurmaq, uşaq sahibi olmaq qərarlarından çəkindirir.
Gənclərdə formalaşan bu düşüncə ilə bağlı fikirlərini Sfera.az-a bölüşən sosioloq Hüseyn İbrahimov hesab edir ki, əvvəllər gənclər 18-25 yaş arası daha erkən ailə qurmağa meyilli idilər.
Sosioloq söylədi ki, indi bu yaş aralığında nikah statistikası sürətlə aşağı düşür:
“Bu tendensiya tək Azərbaycanda deyil, bütün dünyada müşahidə olunur. Məsələn, bəzi Qərbi Avropa ölkələrində 18-29 yaş arası gənclərin ailə qurma faizi cəmi 15-20 faiz təşkil edir. Bu isə həmin ölkələrdə demoqrafik böhranlar yaradır. Bizdə hələlik böhran olmasa da, risk getdikcə artır”.
İbrahimovun fikrincə, əsas səbəblərdən biri gənclərin sərbəst qərar vermə imkanıdır:
“Əvvəllər gənclər valideynin təsiri və ya təkidi ilə ailə qururdular. İndi isə gənclər evlilik və valideynlik qərarını yalnız özləri vermək istəyirlər. Bu, bir tərəfdən müsbət haldır, çünki onların sosial məsuliyyət hissi artır. Digər tərəfdən isə nəticədə evlilik və övlad sahibi olmaq prosesi getdikcə gecikir”.
Sosioloq əlavə edib ki, gənclərin karyera, şəxsi inkişaf, azadlıq və maddi müstəqilliyə daha çox önəm verməsi də onların ailə və övlad planlarını təxirə salır:
“Əvvəllər gənclər ailəni valideynin dəstəyi ilə idarə edirdilərsə, indi müstəqil yaşamağa üstünlük verirlər. Bu azadlıq istəyi onları valideynlikdən də uzaqlaşdırır. Psixoloji məsuliyyət qorxusu da artır, çünki gənclər düşünürlər ki, övladı təkbaşına necə böyüdəcəklər”.
Psixoloq Ülkər Məhərrəmova isə məsələnin həm psixoloji, həm də sosial tərəflərinə diqqət çəkdi. Onun sözlərinə görə, bu, qlobal problemdir və yalnız Azərbaycana xas deyil:
“Əsas səbəb maddiyyatdır. Uşağın sağlamlığı, təhsili, inkişafı üçün ciddi maliyyə tələb olunur. Bu gün gənclər həm də şəxsi inkişaflarına daha çox üstünlük verirlər – ali və magistr təhsili almaq, səyahət etmək, karyera qurmaq istəyirlər. Onların düşüncəsinə görə, övlad sahibi olmaq bütün bunları məhdudlaşdıra bilər”.
Psixoloq əlavə edib ki, əvvəlki dövrlərdə övlad sahibi olmaq ailə dəyərlərinin təməl prinsiplərindən biri idisə, indi bu, seçim kimi dəyərləndirilir:
“Gənclər xoşbəxtliyi yalnız övladla ölçmürlər. Onlar xoşbəxtliyi şəxsi zövqlərdə, səyahətdə, karyerada və şəxsi inkişafda görürlər. Digər tərəfdən, psixoloji qorxu da güclüdür. “Mən övladımı doğru böyüdə biləcəmmi? Uşaqlığımda ala bilmədiyim sevgi və qayğını övladıma verə biləcəmmi?” – kimi narahatlıqlar valideyn olmaq qorxusunu artırır. Unutmaq olmaz ki, ailə kiçik bir dövlətdir. Hər bir sağlam ailədə böyüyən övlad gələcəkdə böyük dövləti möhkəmləndirir. Ona görə də gənclərin sosial təminatı gücləndirilməli, ailə dəyərlərinin qorunması üçün münbit şərait yaradılmalıdır”.
Ekspertlərin rəyinə görə, gənclərin valideyn olmaqdan qaçması məsuliyyətsizliklə bağlı deyil:
"Əksinə, onlar məsuliyyəti daha dərindən dərk etdikləri üçün bu addımı atmaqdan çəkinirlər. Lakin maddi çətinliklər, karyera və şəxsi inkişaf arzusu, həmçinin azadlıq istəyi gəncləri valideynlikdən uzaqlaşdırır. Uzunmüddətli perspektivdə bu tendensiya demoqrafik problemlərə yol aça bilər.
Belə olan halda, əsas vəzifə həm dövlətin, həm də cəmiyyətin üzərinə düşür – gənclərə həm sosial, həm də psixoloji baxımdan güvənli ailə mühiti təmin etmək lazımdır".
Bəsti Rəfizadə
Sfera.az